Fevralın 24-də xocalıların kompakt şəkildə müvəqqəti məskunlaşdıqları Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı anım tədbiri keçirildi.Tədbirə Xocalı rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, rayon icra hakimiyyəti aparatının məsul şəxsləri, hüquq-mühafiziə orqanlarının, idarə, müəssisələrin rəhbərləri və işçiləri, şəhid ailələri, Vətən müharibəsi iştirakçıları iştirak etdilər.Xocalı rayon Mədəniyyət Evində keçirilən tədbirdə əvvəlcə Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edidi.Tədbir giriş sözü ilə açan Xocalı rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva bildirdi ki, erməni quldurlarının Xocalıda soyqırım törətməklə Azərbaycan xalqının gözünü qorxutmaq, mübarizə əzmini qırmaq məqsədləri vardı. Təəssüf ki, mənfur qonşularımız Xankəndində yerləşən 366-cı motoatıcı alayın köməkliyi ilə Xocalını işğal etdilər və bəşər tarixində ən dəhşətli soyqırımı törətdilər. Lamiyə Qarayeva qeyd etdi ki, torpaqlarımız işğala məruzə qalsa da, xalqımızın başına müsibətlər gətirilsə də, xalq öz əqidəsindən, mübarizliyindən dönmədi. Dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıtması ilə Azərbaycan xalqı öz amallarını həyata keçirmək üçün yeni uğurlu yola qədəm qoydu. Xocalı soyqırımına ilk hüquqi-siyasi qiymət məhz Ümummilli lider Heydər Əliyev tərəfindən vermişdir. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Azərbaycan Respublikasının Milli Məclisi “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etmiş, BMT-yə, dünya dövlətlərinə bu qətliamın gerçək mahiyyətini açıqlayaraq, beynəlxalq ictimaiyyəti erməni terrorizminə qarşı təsirli tədbirlər görməyə çağırmışdır.Sonra çıxış üçün söz Xocalı soyqırımı zamanı əsir götürülmüş və işgəncələrə məruz qalmış, "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilmiş, "Əməkdar həkim" fəxrı adına layiq görülmüş Məmməd Nağıyevə verildi. Məmməd Nağıyev çıxışında erməni seperatçılarının Qarabağda törətdikləri cinayət əməllərindən danışaraq bildirdi ki, mənfur qonşularımız xalqımıza qarşı həmişə düşmənçilik hisləri bəsləmişdir. Xocalı soyqırımında günahsız insanların başına gətirilən müsibətlərin şahidi olan Məmməd həkim əsirlik həyatında gördüyü dəhşətlərdən söz açdı. Bildirdi ki, erməni quldurları əsir götürdükləri insanların dişlərini kəlbətinlə çəkir, ağlasığmaz işgəncələr verirdilər. Qaniçən erməni cəlladları hamilə qadınları, qocaları, körpələri amansızcasına qətlə yetirdilər. Xocalı soyqırımının insanlıq əleyhinə ən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edən Məmməd Nağıyev başımıza gətirilən müsibətləri unutmamalı və tarixin acı səhiflərindən dərs çıxarmalı olduğumuzu vurğuladı. Xocalı soyqırımından bir neçə gün sonra Ağdamda AXC-nin binası qarşısında keçirilən mitinqdə "...Xalqı bu bəladan ancaq Heydər Əliyev qurtara bilər..." deyimi ilə yadda qalan Xocalı rayon ağsaqqalı Şükür Bəşirov həmin dövrdə ölkədə cərəyan edən siyasi proseslərdən, hərcmərclikdən danışaraq bildirdi ki, qara qüvvələr Heydər Əliyevin hakimiyyətə qayıtmasına razılıq vermədilər və nəticədə torpaqlarımız ard-arda işğala məruz qaldı. O, qeyd etdi ki, Heydər Əliyev həmin dövrdə hakimiyyətdə olsaydı, torpaqlarımız işğal olunmazdı, ermənilər Xocalıda soyqırım törədə bilməzdilər. Daha sonra çıxış edən Xocalı şəhər 5 saylı tam orta məktəbin qələmini silahla əvəzləyən riyaziyyat-informatika müəllimi, "Vətən müharibəsi iştirakçısı" medalı ilə təlitf eilmiş Vüqar Kərimov bildirdi ki, Xocalı soyqırımından əvvəl də bədnam qonşularımız tərəfindən Azərbaycan xalqı soyqırımlara, etnik təmizmələrə, köçürmələrə məruz qalmışdır. Vətən müharibəsində könüllü olaraq torpaqlarımızın müdafisəsi uğrunda döyüşlərə qatılan Vüqar müəllim başımıza gətirilən müsibətlərin unudulmaması üçün həmişə şagirdlərimizi məlumatlandırdığını qeyd etdi. 44 günlük haqq savaşımızda ordumuzun ruh yüksəkliyindən danışan Vüqar Kərimov hər bir döyüşçünün qisas hissi ilə irəli atıldığını bildirdi. Yekun olaraq çıxış edən Şahmar Usubov bildirdi ki, sovet imperiyası ermənilərin xalqımıza qarşı törətdiyi faciələri ört-basdır edilirdi. 1988-ci ildən başlayan erməni seperatizminə havadarları öz dəstəyini göstərdilər. Ermənilər gizli silahlanma, xaricdən terror dəstələri cəlb etməklə məkrli planlarını hazırlayırdılar. Erməni quldur dəstələri Xocalı soyqırımından əvvəl Cəmillidə, Meşəlidə, Kərkicahanda, Malıbəylidə, Quşçularda, Qaradağlıda faciələr törətdilər. 1991-ci ilin noyabr ayınının 10-da Xocalıya axırıncı avtomobil, 1992-ci ilin yanvar ayının 28-də Xocalıya axırıncı vertolyot gəlib. Xocalı 2 ay 20 gün işıqsız qalıb. Həmin vaxtlar şəhər yaşasa da, işıqsız, ərzaqsız, gediş-gəliş olmayan şəraitdə olub. Öz torpaqlarını tərk etməyən xocalılar sonadək düşmənlərə qarşı layiqli mübarizə aparıb. Şahmar Usubov çıxışının sonunda Cənab Prezidentinin apardığı siyasət nəticəsində əldə edilən qələbələr parça-parça bölünmüş Azərbaycanın bütövləşməsinin ilkin addımları olduğunu vurğuladı. Xocalıların da tezliklə doğma torpaqlarına qayıdacaqlarına olan inamını bildirdi. Sonda Xocalı şəhər 1 saylı klubun təşkilatçılığı, Xocalı şəhər 1 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə "Qarabağ Azərbaycandır" mövzusunda bədii kompozisiya nümayiş etdirildi.